Interaz

Suriyada yaşayan erməni mənşəli əhalinin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi aşkar təxribatdır – PA rəsmisi

70 403
0
0
03:18

Опубликовано:

Bakı, 2 avqust, SalamNews, V.Həsənli. Suriyada yaşayan erməni mənşəli əhalinin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi Ermənistanın həyata keçirdiyi açıq-aşkar təxribatdır. Bunu SalamNews-a müsahibəsində Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev bildirib.

Sektor müdiri söyləyib ki, Ermənistan hakimiyyəti Suriyada gedən vətəndaş müharibəsindən sui-istifadə edərək erməni mənşəli əhalini Dağlıq Qarabağa köçürməyə çalışır. Onun sözlərinə görə, əgər Ermənistan Suriyada əmin-amanlıq hökm sürərkən həmin erməniləri Dağlıq Qarabağa köçürsəydi, o zaman dünya ictimaiyyəti buna biganə qalmayacaqdı. Lakin indi Ermənistan tərəfi bu köçürülməni Suriyada vətəndaş müharibəsinin baş verməsi ilə əlaqələndirir. Q.Əliyev deyib: “Suriyada yaşayan ermənilərin işğal edilmiş Dağlıq Qarabağa köçürülməsi ilk növbədə Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarına ciddi mənfi təsir göstərəcək. Azərbaycan hakimiyyəti Suriyadan olan erməni mənşəli əhalinin Ermənistan tərəfindən işğal edilmiş ərazilərə köçürülməsini qətiyyətlə pisləyir. Ümumiyyətlə, biz Dağlıq Qarabağ və ətraf rayonlara Azərbaycan dövlətinin icazəsi olmayan bütün səfərləri pisləyirik və burada qanunsuz məskunlaşmanın əleyhinəyik. Azərbaycanın bu cür mövqeyi beynəlxalq hüquq norma və prinsiplərinə də tam uyğundur”.

Xatırladaq ki, Daşnaksutyun Partiyasının işğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı ofisində Suriya ermənilərinin problemləri ilə bağlı xüsusi komitə yaradılıb.

Toplantıda Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi məsələsi müzakirə olunub.

Ermənilərin işğal etdikləri Qubadlı, Zəngilan və Laçın rayonunun bir hissəsində yaratdıqları “Kaşataq” adlı qondarma rayonun rəhbəri Suren Xaçatryan, Suriya ermənilərindən bu əraziyə köçmək barədə müraciət aldığını deyib. O, artıq 1 ailəni yerləşdirmək üçün razılığa gəldiklərini və daha 5 ailəni qəbul etməyə hazır olduqlarını bildirib. S.Xaçatryan son hadisələrdən əvvəl Suriyadan 7 ailənin gəldiyini və 5 ailənin burada qaldığını söyləyib.

Следующее видео